Din Fəlsəfəsi Nədir?
Din fəlsəfəsinin müstəqil bir elm olaraq ərsəyə gəlməsi 19- cu əsrin birinci yarısına təsadüf etsə də, dinin əql və təfəkkür baxımından araşdırılması, dinin özü qədər tarixə malikdir. Din fəlsəfəsi termini haqda açıqlama verməzdən öncə «Din» və «Fəlsəfə» barədə bəzi məqamların izahını zəruri hesab edirəm.
Din nədir?
Ümumi bir bölümdə din iki qismə bölünür. İlahi və bəşəri dinlər. Tanrı və vəhyə əsaslanan dinlərə ilahi dinlər deyilir. Bu növ dinlərin əsas və mənşəyi ilahi göstərişlər və qeybə inanmaqdır. Bu növ dinlərdə insan dinin qurucusu deyil, əksinə ilahi göstərişi alan və onu öz fərdi və ictimai rəftar və davranışında əks etdirəndir. Adından göründüyü kimi bəşəri dinlərin qurucusu insanının özüdür. Bəşər özünün bəzi fərdi və ümumi ehtiyaclarını ödəmək üçün bəzi inanclara varır. Sonra onları öz rəftarında göstərir. Bu növ dinlərə insandan mənşələndiyi üçün bəşəri dinlər deyilir. Alimlər “Din nədir?” dedikdə ona kamil tərif vermək istəyirlər. Lakin din mahiyyət tipli olmadığına görə ona kamil tərif vermək mümkün deyil. Bildiyimiz kimi ancaq mahiyyət cinsli predmetlərə kamil tərif vermək olar. Çünki hər bir predmetin tərifi onun mahiyyət və zatının açıqlanması deməkdir. Digər tərəfdən dinin kateqoriyaları arasında həqiqi vahidliyin mövcud olmadığına görə onun həqiqi varlığı da yoxdur. Məntiqdə qeyd olunduğu kimi həqiqi varlığı olmayan mövcudun mahiyyəti də yoxdur. Mahiyyəti olmayan predmetlərə isə dəqiq, kamil və həqiqi tərif vermək qeyri mümkündür. Buna əsasən yalnız mahiyyət cinsli predmetlərə həqiqi tərif vermək mümkündür. Nəticə etibarı ilə deyə bilərik din mahiyyət cinsli olmadığına görə ona aydın və dəqiq tərif vermək olmaz. Deməli din məfhum və məzmun cinsli olduğu üçün, ona yalnız nominal tərif vermək mümkündür. Bildiyimiz kimi dinin həqiqi tərifi haqqında bir çox fikirlər söylənilib. Onların hər biri özünə məxsus fəlsəfi düşüncələrə bağlıdır. Hazırda din barəsində 80-dən artıq tərif mövcuddur. Buna səbəb dinə müxtəlif aspektlərdən yanaşmaqdır. Məs: Uilyam Cems dini psixoloji baxımdan belə tərif edir: “Din insanların tənha olduqları anlarda hissləri, əməlləri və təcrübələridir. O anlarda özlərini Allah adlandırdıqları mövcudun qarşısında tapmaqlarından ibarətdir”. T. Pasons dini sosiyoloji baximdan belə tərif edir : “Din müxtəlif cəmiyyətlərdə müvcud olan bəşər əməllərinin, inanclarının, adətənənələrinin və qurluşunun toplusudur”. Ümumiyyətlə dinə müxtəlif nəzərlərdən tərif verilib : Matyo Arnould : “Din həmin əxlaqdır, lakin hiss və mehribanlıq ona istilik, aydınlıq və ucalıq bağışlamışdır”. Hətta din barəsində dini təriflərədə rast gəlirik : S. Raynax insanların Allahın dəvətinə cavabıdır”. Və ya Herbert Espenser : “Din : “Din insanların mərifət və elm dairəsindən daha geniş olan varlıqların və gözəgörünməz qüvvələrin nəzarətində olması həqiqətinə etiraf etməkdir”. Bu təriflərin hamısı dində mövcud olan bir mənanı tutaraq onu tərif etmişlər. Bildiyimiz kimi bu təriflərin hər biri dinin yalnız bir xüsusiyyətini qeyd edir. Bu nəzəriyyə həqiqətə və reallığa daha uyğun olar ki, dini hamının qəbul edəcəyi vahid bir mənaya tərif etmək mümkün deyil. Başqa sözlə desək, din hamının qəbul edəcəyi vahid bir mənaya malik deyil. Lüdviq Vitqenşteyn özü analitik fəlsəfənin korifeylərindən biridir. Onun nəzəriyyəsi əsasında belə qənaətə gəlmək olar ki, din adı altında bir çox mövzular toplanır. Vitqenşteyn onları bir-biri ilə sıx əlaqədə olan “Ailəvi oxşarlığa” bənzədirdi. O, həmişə oyunu misal vururdu, oyun elə bir şeydir ki, ondan ləzzət alırıq və ya oyun həmin rəqabətdir deyə onu tərif edə bilmərik. Çünki bəzən, oyundan mənfəət güdürük və bəzən bəzi oyunlar bir şəxs tərəfindən icra edilir. Həqiqətdə bu xüsusiyyətlərdən heç biri təklikdə oyunun tam mənası və tərifi deyil. Vitqenşteynin oyun mövzusunda nəzərə aldığı məsələdən din terminalogiyasında da, onu tərif etmək üçün istifadə edə bilərik. Belə qənaətə gəlmək olar ki, müxtəlif varlıqların arasından xass bir xüsusiyyətə din adı vermək düzgün sayılmaz. Daha yaxşı olar ki, “Ailəvi oxşarlıqlar” toplusuna inanaq. Çünki təkcə bir cəhətdən dinə tərif vermək onun barəsində dolğun fikir söylənilməsinə dəlalət etmir. Məsələn : bir çox monoteist dinlərdə Allaha pərəstiş və sitayiş məsələsi var. Bəzilərində isə bu mövzu ön plandadır. Amma Theravada Buddismdə yoxdur. Din çox vaxt insanlarda daxili duyğuların və uyğunluqların meydana gəlməsi üçün bir vasitədir. Bunu nəzərə alaraq dini gətirən böyük insanların bir çoxu öz zamanlarında qeyriadi, dəli və s... hesab ediliblər. “Ailəvi oxşarlıqlar” modeli bu növ fərqlərə yaxşı cavab verir. Bu model həmçinin bizə bu imkanı verir ki, rəsmi dinlər ilə qeyri-dini ideologiyaların oxşar və fərqli cəhətlərini dərindən tədqiq edək. Məsələn : Marksizmin, gələcəyin təbəqəsiz cəmiyyəti, kimi özünə uyğun son armanı var. Burada aydınlaşdırırıq ki, marksizm bəzi xüsusiyyətlərdə böyük dinlər ailəsinə şərikdir. Bir halda ki digər xüsisiyyətlərdə daha dəqiq desək, onlarda olan əsas xüsusiyyətlərdə onlardan fərqlənir. Amma bu böyük toplunun daxilində, yəni ailəvi oxşarlıqların içində bir xüsusiyyət daha çox önəmlidir. Bu xüsusiyyət səadət və nicat məsələsidir. Dünyanın kamilləşmiş və bütün böyük dinlərində səadət və nicata bir növ inam və əqidə vardır. Yəni ümumiyyətlə mövcud olan çirkin və günahlı həyatdan tam şəkildə ümidvar və daha yaxşı həyatə köçmək inancı var. Bütün dinlərdə müxtəlif üsullarla, bəşəriyyətin yaşadığı mövcud dünyanın aldadıcılığından, azdırıcılığından və təhrif ediciliyindən söz açılır. Ümumiyyətlə, hər bir son hədəfin etibarı onun məqsədinin həqiqi və real olmasına bağlıdır. Bu dinlərdən hər biri özünün nicatşünaslıq praqramı əsasında, mütləq varlığa qovuşmaq üçün müxtəlif vasitələr irəli sürürlər. Bəziləri imanı, digərləri Allahın zatında fənaya çatmağı, başqaları isə ruhi çirkinliklərdən uzaqlaşmağı və əxlaqi sərvətlərə malik olmağı məsləhət görürlər. Bu dini cərəyanların hər birində səadət və nicat yeni bir keyfiyyətə malik olur. Bunlar yalnız özündən keçib, Allaha doğru hərəkət etdikdə hasil olur. Yəni xudbinlik yox, əksinə xudabinlik əmələ gəldiyi təqdirdə insan səadət və nicatı əldə edir .Bu qısa araşdırmadan aydın olur ki, dinə vahid tərif vermək çətin və mürəkkəb işdir. Əlbəttə unutmamalıyıq ki, din hadisə və ya mövzu deyil, əksinə sirrdir.
Fəlsəfə nədir?
Fəlsəfə yunan mənşəli sözdür. Bu söz «Phileo-fileo» - sevirəm, «sophiasofiya» – müdriklik sözlərinin birləşməsindən yaranmışdır. «Fəlsəfə»nin müxtəlif təriflərə malik olması danılmazdır. Qədim yunan sivilizasiyasında fəlsəfi məktəb yaratmış Platon və Aristotelin fəlsəfəyə baxışı XX əsrdə yayılmış «Existansializm - ekzistansializm» fəlsəfəsindəki baxışla eyni deyil. Buna baxmayaraq bəzi tədqiqatçılar fəlsəfəyə də ümumi bir tərif vermək istəmişlər. Misal olaraq fəlsəfəni təfəkkürün varlığa və şüurun materiyaya münasibəti problemlərini araşdıran bir elm kimi təqdim etmişlər. Və yaxud, varlığı varlıq baxımından araşdıran elmi fəlsəfə adlandırmışlar. Fəlsəfənin müxtəlif sistemlərə ayrılmasına nəzər salarkən bu elmə vahid tərif vermək fikrindən daşınırıq. Bütövlükdə deyə bilərik ki, fəlsəfə dedikdə varlığın və insan həyatındakı problemlərin əql və təfəkkür müstəvisində həlli yada düşür. Burada fəlsəfədən məqsəd müstəqil bir elm deyil, yalnız problemin əql mənzərəsindən çözülməsidir. Göründüyü kimi fəlsəfənin tarixi, insanın özü qədər qədimdir. Çünki insan yaranandan bəri, daim özünün varlığı, həyat problemləri və digər düşünüləsi məsələlər barədə düşüncələrə dalmışdır. Bu isə insanın «əql» qüvvəsinə malik olmasından irəli gəlir. Qeyd etdiyimiz kimi, fəlsəfə elmi varlığın izahı və bu varlığın əsas obyekti olan insanın təməl problemlərinin həllində çalışan elm kimi tanınmışdır. Beləliklə, filosof cəmiyyətin əsas düşünən beyini, varlığın müxtəlif gizli məqamlarını aşkara çıxaran şəxs olmuşdur. Fəlsəfənin mütaliə və tədqiq dairəsi geniş olduğundan bu elm özünün həyat tarixində çox fərqli və hətta bir-biri ilə ziddiyyətli ideyalara malik məktəb və sistemləri təcrübə etmişdir. Fəlsəfənin müstəqil bir elm olaraq təşəkkül tapıb formalaşmasının izahına gəldikdə isə, qərb və şərq fəlsəfəsi cərəyanlarını bir-birindən ayırmaq məcburiyyətindəyik. Şübhəsiz, bu barədə geniş mütaliə oxucunun öz üzərinə düşür. Lakin əziz oxucularımızın fəlsəfə və Şərq-Qərb fəlsəfi cərəyanlarından ümumi anlayış əldə etmələri üçün bu cərəyanların indiyə qədərki tarixinə qısa baxışı zəruri bilirəm. Fəlsəfə tarixçiləri qərb fəlsəfəsinin üç mərhələdən ibarət olduğunu vurğulamışlar. Bunlar antik fəlsəfə, orta əsrlər fəlsəfəsi və yeni fəlsəfədir. Fəlsəfənin qədim dövrlərə aid mərhələsi, əsasən Yunanıstanda, ərsəyə gəlib formalaşdığı üçün bu dövrə yunan fəlsəfəsi dövrü də deyilir. Şərq fəlsəfəsi tarixinə nəzər salarkən bu fəlsəfənin üç müxtəlif sistemə ayrılmasının şahidiyik. Bunlar Peripatetizm, neoPlatonizm Transsendental Teosofiya və adı ilə məşhur olan fəlsəfi cərəyanlardır.
Din Fəlsəfəsi nə deməkdir?
Din fəlsəfəsi din barəsındə fəlsəfi düşüncə deməkdir. Yəni etiqad və inancları fəlsəfi şəkildə araşdırma, başqa sözlə, din fəlsəfəsi rasional ilahiyyatın davamçısıdır. Yəni din fəlsəfəsi vəhyə əsaslanan ilahiyyatdan fərqli olaraq dinə əqli baxışdan yanaşır. Və öz yüksək rolunu bəşəriyyətə töhfə edir. Əqlə əsaslanan ilahiyyatın məqsədi əqli sübutlarla Allahın vücudunu sübut etməkdir. Elə bu məsələ vəhy iddiaları üçün spesifik bir xüsusiyyətə malikdir. Lakin belə düşünülməməlidir ki, din fəlsəfəsinin vəzifəsi yalnız əqli sübutlarla Allahın vücudunu isbat etməkdir. Dini inancları da fəlsəfi şəkildə araşdırmaq onun vəzifəsidir. Hansısa əqidəni mənalı və ağıla uyğun olub-olmamasını araşdırmaq fəlsəfi məsələ hesab edilir . Bu tərifə əsasən din fəlsəfəsi dini öyrənmək üçün bir vəsilə deyil, əksinə dini nöqteyi nəzərdən ona yanaşmağın heç bir lüzumu və zərurəti yoxdur. Din fəlsəfəsinin araşdırdığı məsələyə münasibəti ya mənfidir, ya müsbət. Ateistlər və dindarlar eyni şəkildə din barəsində fəlsəfi araşdırmalar apara bilərlər. Həqiqətdə həmin işi də edirlər və inkişafa doğru irəliləyirlər. Din fəlsəfəsi din və fəlsəfənin inteqrasiyasından meydana çıxır. Beləliklə aydın olur ki, din fəlsəfəsi ilahiyyatdan ayrılan bir fakultə və ya elm deyil, əksinə fəlsəfədən ayrılan bir elmdir. Din fəlsəfəsi dini əqidə sistemləri, dini məfhumları, dini təcrübələri, ibadət mərasimlərini və bu kimi əqidəvi sistemlərin əsasında dayanan düşüncə və təfəkkürləri tədqiq edir. Dünyanın mötəbər universitetlərində dini əqli baxımdan tədqiq edən elmə din fəlsəfəsi deyilir. Din Fəlsəfəsi vasitəli bilik növüdür və özünün tədqiq etdiyi mövzudan tam şəkildə müstəqildir. Din fəlsəfəsi aşağıda qeyd edəcəyimiz elmlər kimi, yəni barəsində bəhs edən mövzular dairəsindən bir hissə deyil. Elm fəlsəfəsi, Hüquq fəlsəfəsi, Hünər fəlsəfəsi, Tarix fəlsəfəsi, Məntiq fəlsəfəsi və s... kimi bir elmdir. Bu cəhətə əsasən, elm fəlsəfəsi məxsus bir elmə aid edilmədiyi kimi, din fəlsəfəsi də konkret dinə və ya məxsus teoloji məktəbə aid edilmir. Amma eyni zamanda hər dinin barəsində onunla uzlaşan formada o dinin mövzularına nəzər salır. Yəni din fəlsəfəsində həm bütün dinlərə aid olan ümumi məsələlərə və həmçinin konkret dinə aid olan mövzulara toxunulur. Məs: bütün dinlərə aid olan ümumi məsələlərdən biri, adi dil ilə müqayisədə dinin dilinin mahiyyətidir. Məxsus dinə aid olan məsələlər daha çoxdur: Yəhudilikdə Yəhvə, Xristianlarda üçlükdə təcəlli edən Tanrı, İslamda Tövhid, ədalət və ya əbədi həyat, Buddismdə nirvanaya qovuşmaq, Konfutsizmdə sədaqət və ya alicənablıq və s... . Föründüyü kimi din fəlsəfəsi məxsus dinə aid olan mövzuların arxasında dayanan təfəkkür və sübutları araşdırır. Nəzərə almaq lazımdır ki, din fəlsəfəsində dinin mahiyyətindən bəhs etdikdə müxtəlif dinlərə ayrılıqda və bir-birindən tam müstəqil şəkildə diqqət yetirilir. Din fəlsəfəsində vahid dünya nəzəriyyəsindən sonra yaranan çox mübahisəli məsələlər, müxtəlif dinlərin ardıcılları tərəfindən etiraza səbəb olan, bütün dinlərin həqiqətə, səadətə və nicata vara biləcəyi fərziyyəsi araşdırılır.