Qorxudan ölmək mümkündür? Baskerville effekti #bilgor.az
Bir çoxumuzun gündəlik həyatda işlətdiyi bir ifadə: “Qorxudan öləcəkdim!”. Bu ifadə həqiqətən doğrudurmu? Yoxsa sadəcə bir ifadə olaraq istifadə olunur? Gəlin birlikdə sadə nümunəyə nəzər salaq.
Meşədə kampa getdiyinizi düşünün, gecədir. Gölə girib əyləndikdən sonra siz yatmağa hazırlaşırsınız. Hər şey qaydasında gedərkən, birdən yarpaq xışıltıları səsi gəlir. Bəli, artıq narahatlıq başlayıb və sizi həyəcan bürüyür. Başınızı qorxu ilə çadırdan çıxarıb, qarşınızda boz ayı görürsünüz!
Ağlınıza ilk olaraq filmlərdə gördüyünüz “ölü təqlidi” eləmək fikri gəlir, elə deyil? Çünki ayılar sadəcə özlərini qorumaq məqsədi ilə hücum edirlər axı. Siz ağlınıza gələn bu ilk fikri icra edərkən nəfəsiniz kəsilir? Yoxsa sadəcə nəfəsinizi tutmağa çalışırsınız?…
Artur Konan Doylun “Baskervillerin iti” əsərini eşitmisiniz yəqin ki. Romanda Baskerville ailəsi xəyalətvari bir it tərəfindən öldürülür. Bu sirri tapa biləcək tək insan isə, Şerlok Holmsdur. Roman haqqında daha çox spoyler vermədən, keçək qorxu ilə əlaqəsinə…
“Baskerville effekti”
İsveçrə alimləri “Baskervillerin iti”-nin reallığını müəyyənləşdirmək üçün bir araşdırma etməyə başlayırlar. Daha sonra isə adını “Baskerville effekti” qoyduqları şeyi müəyyən edirlər. Bu effekt, gərgin psixoloji stresin səbəb olduğu infarkt ölümləridir.
Bu araşdırmada, qorxunun ölümə səbəb olduğunu öyrənmək üçün yüz minlərlə ölüm sənədinə baxılır. Çıxan nəticələrə isə həqiqi həyatdan nümunə verərək davam edək…
Çin və Yaponiya mədəniyyətlərində dörd rəqəmi olduqca uğursuz rəqəmdir. Tələffüzdə “ölüm” sözünə çox bənzəyir. Çinli və yaponlar dünyanın başqa bir yerində olsalar belə, ayın 4-ü səyahətə çıxmırlar. Çin və Yaponiyada 4-cü mərtəbəsi olmayan binalar, 4-cü səhifəsi olmayan menyular və s. var.
Araşdırmaçılar, bu mədəniyyətdən yola çıxaraq, 25 illik periodda 200.000 çinli və yaponun ölüm sənədlərinə baxdı. Bu mədəniyyətlə əlaqəsi olmayan isə, 47 milyon insanın ölüm sənədlərini araşdırdılar. Nəticələr isə belə idi: Çinli və yapon ölümlərinin ayın dördüncü günündə digər günlərə nisbətən daha çox olduğu aşkarlandı. Digər, yəni bu mədəniyyətə sahib olmayan insanlarda isə belə bir göstərici qeydə alınmadı, yəni stabil idi.
Qorxu bizi öldürə bilər, işin əsli isə belədir.
Qorxu hiss etdiyimiz zaman bədənimiz “fight or flight” reaksiyası göstərir. Qorxu keçdikdən sonra bu reaksiya bitməlidir, lakin elə anlar olur ki, bu reaksiya dayanmır. Bədənimiz qorxu hissi keçdikdən sonra da reaksiya göstərməyə davam edir.
Nəticədə, adrenalin və digər hormonlar yüksək səviyyədə ifraz olunmağa davam edir. Yüksək dozada ifraz olunan hormonlar kokain təsiri göstərərək ürəyi stres altına salaraq əzməyə başlayır. Damarların daralmasına səbəb olur və ürəyə oksigen getmir. Bu vəziyyət getdikcə gərginləşir və ürək dayanır.
Böyük qorxu hissinin bizi öldürdüyü kimi, hiss edə biləcəyimiz sevinc hissi də bizi öldürə bilər. Kiməsə qorxunc zarafat edərkən və ya sevinditici sürpriz hazırlayarkən diqqətli olun, çünki bu onları həqiqətən öldürə bilər.