Bir Qadının Həyatından 24 saat
O zaman, hələ müharibədən on il əvvəl yaşadığım Riverdəki pansionatda bir dəfə süfrəmizin başında qızğın bir mübahisə düşdü. Mübahisəmiz elə kəskinləşdi ki, az qala, kinli hədələr, hətta dalaşma ilə bitəcəkdi. Adamların çoxu zəngin təsəvvürlü adamlar deyildi. Haradasa kənarda onlara bilavasitə aid olmayan, onları təngə gətirib, zəhlələrini tökməyən bir hadisə baş verirsə, bu onların hisslərinə heç toxunmur, onları narahat etmir. Yox, əgər əhəmiyyətsiz bir hadisə düz onların burunlarının ucunda baş verirsə, heysiyyətlərinə toxunursa, o saat mənlikləri cuşa gəlir. Belə hallarda adamların bir növ səbir kasaları dolur, qarşısıalınmaz, özü də lüzumsuz mübahisələr baş verir.